Ey Musa! Əsanı CIA-nın başına vur!.. | “Top Secret”

// Amerika kəşfiyyatı mistik artefaktı necə axtarıb

   Ey Musa! Əsanı CIA-nın başına vur!..    | “Top Secret”
  20 May 2025    Oxunub:534
Bibliya rəvayətlərinə inansaq, eramızdan əvvəl 15-cü əsrdə (təxminən e.ə. 1455-ci il) yəhudilər fironun zülmündən qurtulmaq üçün Musanın rəhbərliyi ilə Misirdən qaçanda “Vəsiyyət mücrüsü” adlı xüsusi sandıq düzəltmişdilər. Həmin qutuda Allahın Sina dağında Musaya göndərdiyi “10 hökm”ün yazıldığı gil lövhələr saxlanılırdı.
Terminlərdə qarışıqlıq düşməsin deyə, qeyd edək ki, ingilis dilində həmin mücrüyə “Ark of Covenant”, rusca “Ковчег Завета”, Türkiyə türkcəsində “Ahit Sandığı” deyilir. Əfsanələrə görə, sandıqda gil lövhələrdən əlavə, Musanın qardaşı Harunun əsası və bir qazan qüdrət halvası da saxlanılırdı. Qüdrət halvası – yəhudilər 40 il səhrada dolaşarkən Rəbbin göydən onlara endirdiyi sehirli təamdır.

Eradan əvvəl 586-cı ilə qədər sirli mücrü Yerusəlimdəki məşhur Süleyman məbədində qorunub. Həmin il Babil hökmdarı II Navuxadonosor Yerusəlimi tutub və məbədi dağıdıb. Ondan sonra mistik artefakt müəmmalı şəkildə yoxa çıxıb.

CİA-nın açıqlan arxivlərindən məlum olur ki, ötən əsrin 80-ci illərində Amerika kəşfiyyatı “Project Sun Streak” adlanan proqramın çərçivəsində həmin “Vəsiyyət Mücrüsü”nü axtarırmış. Layihəyə Mərkəzi Kəşfiyyat İdarəsindən savayı ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (DIA) və daha bir necə gizli xidmət də qoşulub. Onlar məqsədlərinə çatmaq üçün ekstrasenslərin yardımından istifadə ediblər. Bu haqda kəşfiyyat orqanının dərc olunan arxivlərində məlumat verilir.


1988-ci ilin dekabrında keçirilən eksperiment zamanı onlardan biri – “032” nömrəli ekstrasens seans zamanı axtarılan obyekti “taxta, qızıl və gümüşdən düzəldilmiş, üzərində altı ədəd qanadlı mələk təsviri olan sandıq” kimi təsvir edib və “haradasa Yaxın Şərqdə” olduğunu” söyləyib. Onun sözlərinə görə, axtarılan obyekt “yerin altında, qaranlıq və rütubətli məkandadır”, yerin üstündə isə “ərəbcə danışan adamların gəzişirlər”.


“Daily Mail” yazır ki, həmin illərdə CIA “şüurunu bədəninin hüdudlarından kənara çıxarmağı bacaran” ekstrasenslərlə müxtəlif məqsədlərlə əməkdaşlıq edirdi.

Ekstrasenslər sonra sandığın olduğu yeri və xüsusiyyətlərini daha ətraflı təsvir ediblər: ətrafda məscid günbəzləri var, qara saçlı, qara gözlü, bığlı adamlar dolaşırlar... Biri hətta deyib ki, əgər kimsə sandığı zorla açmağa çalışsa, qoruyucu qüvvə bizə naməlum gücün köməyilə həmin şəxsi məhv edəcək.

Bir əfsanəyə görə, Süleyman məbədi dağıdılanda, yəni e.ə. 586-cı ildə Menelik adlı şəxs Musanın vəsiyyətləri olan sandığı Efiopiyaya aparıbmış. Menelik əfsanəvi Süleyman şahın (Qurandakı Süleyman peyğəmbər) Efiopiya (o vaxt Şeba) şahzadəsi Makeba ilə izdivacından yaranmış nəslin davamçısıdır.

Bir neçə il əvvəl “The Jerusalem Post” qəzetinin yazdığına görə, üç min ildir ki, sirli artefakt Efiopiyanın Aksum şəhərindəki monastırda gizlədilib. Oradakı rahiblər sandığı əbədi qoruyacaqlarına and içiblər.


Əlavə edək ki, İsrail dövləti həmin artefakta sahiblənməkdə çox maraqlıdır, çünki “Vəziyyət Mücrüsü” yəhudi xalqı ilə Rəbbin arasındakı sövdələşmənin rəmzi sayılır.

Yəqin, fikir verdiniz ki, bütün bu əhvalat 1981-ci ildə çəkilmiş məşhur “İndiana Cons: İtmiş mücrünün izində” (Raiders of the Lost Ark) filminə çox bənzəyir. Stiven Splberqin çəkdiyi filmdə hadisələr 1936-cı ildə cərəyan edir. Rene Belloq adlı nasist arxeoloq (Pol Friman) Musanın itmiş mücrüsünü tapmağa, İndiana Cons isə (Harrison Ford) ona mane olmağa çalışır. Filmin ssenasini Corc Lukas ilə Filip Kaufman yazıblar. Əslində ideya onun ağlına 1970-ci illərin əvvəllərində gəlmiş, amma başı “Ulduz müharibələri”nə qarışdığı üçün Lukasın “İndiana Cons”u təxirə salmışdı.


Maraqlıdır: Görəsən, CIA-nın “Günəş zolağı” proqramının yaranmasına məşhur filmin də təsiri olubmu? Demək çətindir. Açıqlanan arxivlərdə də bu haqda heç nə yoxdur. Amma bütövlükdə “Raiders of the Lost Ark” Amerikanın təkcə kino sənayesinə deyil, bütövlükdə mədəniyyətinə olduqca böyük təsir göstərib. Belə görünür ki, kəşfiyyatına da...

Vüsal Məmmədov
AzVision.az


Teqlər: CİA   Mistika   Arxiv   Artefakt  





Xəbər lenti